Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda dövlət büdcəsindən maliyyələşən sosial ipotekaya cəlb olunanların sayı olduqca azdır və bu məbləğ artırılmalıdır. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev təklif edib.
Onun sözlərinə görə, bu gün Azərbaycan parlamentinin özünün ehtiyat fondu yaradılmalıdır: «Milli Məclisin nəzərdə tutulmayan tədbirləri olur ki, bu da əlavə xərclərin yaranmasına səbəb olur. Mən hələ belə təkliflə bir neçə il bundan öncə də çıxış etmişəm».
Millət vəkili 2014-cü ilin «Qarabağ ili» elan olunmasını da təklif edib: «Nəhayət işğalçılıq siyasətinə son qoyulmalıdır. Büdcədən Qarabağla bağlı vəsait artırılmalıdır və bu, xalq tərəfindən olduqca gözəl qarşılanar. İşğala son qoyulması üçün büdcədən Qarabağ üçün xərclər artırılmalıdır».
F.Quliyev deyib ki, büdcənin neftdən asılılığı olduqca narahatedicidir: «Büdcədən minimum əmək haqları və pensiyalar artırılmalıdır».