Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan hökuməti ölkədə tikinti-əmanət banklarının yaradılmasını dəstəkləmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərbaycan-2020: Gələcəyə Baxış» İnkişaf Konsepsiyasında bildirilir.
Konsepsiyaya əsasən, 2020-ci ilədək həyata keçiriləcək tədbirlər Azərbaycanda maliyyə xidmətləri bazarının əsas seqmentlərinin (bank sektoru, qeyri-bank kredit təşkilatları, sığorta bazarı, lizinq bazarı, qiymətli kağızlar bazarı və faktorinq bazarı) tarazlı inkişafını təmin edəcək. Bu dövrdə bank nəzarəti alətləri təkmilləşdiriləcək, bank sisteminin sabit və təhlükəsiz inkişafının təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
«Bank sektorunda konsolidasiya tədbirləri və struktur islahatları davam etdiriləcək, rəqabətin stimullaşdırılması, bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən elektron ödəniş sistemləri infrastrukturunun təkmilləşdirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq», - deyə sənəddə bildirilir.
Konsepsiyaya əsasən, Azərbaycanda bank sisteminin kapitallaşması davam etdiriləcək, regionlar üzrə bank şəbəkəsinin genişlənməsi təşviq olunacaq. Bundan başqa, ölkədə tikinti-əmanət banklarının yaradılması dəstəklənəcək, ipoteka kreditləşdirilməsi mexanizmi təkmilləşdiriləcək: «Bu dövrdə elektron ödəniş, poçt əmanət sistemləri inkişaf etdiriləcək, bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi gücləndiriləcək».