Bakı. Ramiz Mikayıloğlu - APA. Vergilər nazirinin əmri ilə “Vergi Muzeyi”nin fəaliyyətinin təşkili Qaydaları” təsdiq edilib.
APA-nın məlumatına görə, Vergi Muzeyinin yaradılmasının əsas məqsədi vergilərin yaranması və təkamülü, Azərbaycanın vergi sisteminin formalaşması, müasir vergi sisteminin qurulması və bu sahədə aparılan islahatların tarixi ilə bağlı muzey əşyaları və kolleksiyalarının aşkar edilməsi, toplanılması, qorunması, öyrənilməsi və təbliği, eləcə də vergitutma sahəsində maarifləndirmə, məlumatlandırma, təbliğat işlərinin aparılması ilə vergi mədəniyyətinin yüksəldilməsi işinə töhfə verməkdən ibarətdir.
Bu Qaydalar Muzeyin fəaliyyətinin təşkili prinsiplərini, muzey fondunun tərkibini, muzey əşyalarının, sənədlərinin, arxiv materiallarının, və digər kolleksiyalarının uçotunun təşkili, onların saxlanması, bərpası və hərəkətinin ümumi qaydalarını müəyyən edir. Muzey Vergilər Nazirliyinin mülkiyyətidir. Muzey Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında yerləşir. Muzeyin fəaliyyəti vergilərlə bağlı olmalı, Azərbaycanın vergi sisteminin yaranma və inkişaf tarixini əks etdirməlidir. Muzeydə nümayiş olunacaq muzey əşyaları, sənədlər, arxiv materialları və digər kolleksiyalar vergi xidməti və vergi orqanlarının (vəzifəli şəxslərin) fəaliyyətinə dair olmalı, özündə tarixiliyi ehtiva etməli və müvafiq tədqiqat işi (o cümlədən elmi araşdırmalar) əsasında seçilməlidir. Muzeyin ekspozisiya strukturunun layihəsinin hazırlanması üçün müvafiq sahədə ixtisaslaşmış peşəkar mütəxəssislər və ya təşkilatlar dəvət oluna bilər. Muzeyin ekspozisiya strukturu və ya onun dəyişdirilməsi barədə qərar Tədris Mərkəzinin rəisinin təqdimatı əsasında vergilər naziri tərəfindən qəbul edilir. Muzeyə rəhbərliyi təyin edilmiş məsul şəxs həyata keçirir.
Muzey fondu – elmi cəhətdən əsaslandırılmış, daimi saxlanılan, qorunan və müvafiq qaydada nümayiş etdirilən muzey əşyalarının və kolleksiyalarının məcmusudur. Müzey fondu əsas və elmi-yardımçı fonda bölünür. Əsas fonda tarixi qiymətlilər, bədii qiymətlilər, əlyazmalar, mətnlər və nəşrlər, arxiv sənədləri, şəkillər, kinolent materialları, surət nümunələri və digər muzey əhəmiyyətli kolleksiyalar aiddir. Elmi-yardımçı fonda ekspozisiya-sərgi mövzusunun şərhi ilə əlaqədar mətnlər, maketlər, bərpa materialları, surətlər, planlar, xəritələr, sxemlər, cədvəllər, diaqramlar, bəyannamələr, aktlar, bildirişlər, protokollar və digər əyani materiallar (muzeyin fondunda maraq kəsb edən, qeyri-qənaətbəxş vəziyyətdə daxil olmuş, bərpaya ehtiyacı olan əşyaların əsli və digər elmi mahiyyət kəsb edən materiallar) aiddir. Azərbaycan vergi sisteminin tarixinə dair əşya və kolleksiyalar Muzeyə Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrində, habelə onların əməkdaşlarında və vətəndaşlarda mövcud olan muzey əhəmiyyətli texniki vasitələrin, əşyaların və digər nümunələrin, eləcə də Vergilər Nazirliyi və onun fəaliyyəti barədə diplom, sertifikat və bu kimi sənədlərin surətlərinin Mərkəzə təqdim edilməsi yolu ilə cəlb edilir. Muzey əşyalarının və kolleksiyalarının Muzeyə cəlb olunması məqsədi ilə Mərkəz tərəfindən həmin əşya və ya kolleksiyaların olduğu digər dövlət orqanlarına və şəxslərə müraciət edilə bilər. Muzeyin ərazisində havanın temperaturu +10 dərəcədən +25 dərəcəyədək, nisbi rütubət 50-60% olmalıdır. Günəş şüasından qorunması üçün pəncərələr pərdə ilə (əsasən qara) bağlı olmalıdır. Əşyalar Muzeydə bağlı şkaflarda və ya şüşə ilə qorunmuş yerlərdə saxlanılır. Forma və ölçüsünə görə bağlı şkaflarda və ya şüşə ilə qorunmuş yerlərdə saxlanılması mümkün olmayan əşya və kolleksiyalar açıq vəziyyətdə saxlanıla bilər. Mərkəzin rəisinin əmri ilə təsdiq edilmiş inventarizasiya komissiyası tərəfindən hər il Muzeyin əşya və kolleksiyalarının inventarizasiyası keçirilir.
Muzeyin fəaliyyətinə məsul şəxs Mərkəzin rəisinin əmri ilə təyin olunur. O, rəisin tapşırığı ilə muzey əşyalarının və kolleksiyalarının qəbulunu, müvəqqəti və ya daimi olaraq verilməsini həyata keçirir. Muzeyə baxış üçün dövlət vergi orqanlarının vəzifəli şəxsləri, dövlət orqanlarının nümayəndələri, bələdiyyələrin və onların vergi orqanlarının əməkdaşları, təhsil müəssisələrinin nümayəndələri, tələbə və şagirdlər, vergi ödəyicilərinin təmsilçiləri və digər yerli və xarici qonaqlar dəvət edilə bilərlər.