Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 473,3 mln. manat və ya 20,0% artaraq 2012-ci il noyabrın 1-nə 2 845,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə oktyabr ayı ərzində xarici öhdəliklər 7,6 mln. manat və ya 0,3% artıb və bununla da tarixi maksimumu yeniləyib:

Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2012-ci il noyabrın 1-nə 1 968,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 227,1 mln. manat və ya 13,0% çoxdur. Oktyabr ayı ərzində isə 9,5 mln. manat və ya 0,5%-lik azalma müşahidə olunub.
Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında saldosu 876,5 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 39,1% çoxdur.
Göründüyü kimi, bankların xarici öhdəliklərinin builki dinamikası ötən illə müqayisədə xaricdən cəlb olunma prosesində müşahidə olunan müəyyən canlanmanı və artımı əks etdirir. Bu, Azərbaycan banklarının xarici maliyyə tərəfdaşlarında maliyyə vəziyyətinin yaxşılaşması və nəticədə xaricdən maliyyə cəlb olunmalarının bərpasının nəticəsidir. Eyni zamanda xarici öhdəliklərin artması onu göstərir ki, Azərbaycan bankları bu maliyyə mənbəyindən istifadədə maraqlıdır. Ümumilikdə isə xarici öhdəliklərin cəlb edilməsi bankların maliyyə dayanıqlığı, likvidliyi və kreditləşmə resurslarını genişləndirir.