Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 543,1 mln. manat və ya 23,2% artaraq 2012-ci il dekabrın 1-nə 2 886,6 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, noyabr ayı ərzində xarici öhdəliklər 41,3 mln. manat və ya 1,5% artıb və bununla tarixi maksimumu yeniləyib:

Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2012-ci il dekabrın 1-nə 2 095,7 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 406,7 mln. manat və ya 24,1% çoxdur. Noyabr ayı ərzində isə 126,9 mln. manat və ya 6,4%-lik artım müşahidə olunub.
Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında 790,9 mln. manat həcmində saldo yaranıb ki, bu da illik müqayisədə 20,8% çoxdur.
Xarici öhdəliklərin mütləq və dinamika göstəriciləri bir tərəfdən Azərbaycan banklarının xarici maliyyə mənbələrindən fəal istifadə etdiyini, digər tərəfdən isə xarici maliyyə qurumlarının Azərbaycan banklarına etibar etdiyini göstərir.