Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətləri 2012-ci ildə 48,05 mln. manat həcmində məcmu balans mənfəəti əldə edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu, Maliyyə Nazirliyinin yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında göstərilir.
Məlumata əsasən, 2012-ci ildə sığorta və təkrarsığorta şirkətlərinin cəmi gəlirləri 353,56 mln. manat, xərcləri isə 305,51 mln. manata bərabər olub.
Bu ilin yanvarın 1-nə sığorta və təkrarsığorta şirkətlərinin məcmu aktivləri 600,79 mln. manat təşkil edib. Bunun 380,49 mln. manatı pul və onun ekvivalenti, 61,15 mln. manatı debitor borclar, 58,23 mln. manatı sığorta ehtiyatlarında təkrarsığortaçıların payı, 48,14 mln. manatı uzunmüddətli maliyyə aktivləri, 34,23 mln. manatı daşınmaz əmlaka investisiyalar, 2,49 mln. manatı iştirak payı metodu ilə uçota alınmış investisiyalar, 16,05 mln. manatı sair aktivlərin payına düşür.
Passivlərin strukturunda kapital 343,44 mln. manat (o cümlədən, ödənilmiş nizamnamə kapitalı - 294,06 mln. manat), öhdəliklər 257,34 mln. manat (o cümlədən, sığorta ehtiyatları - 229,78 mln. manat) təşkil edib.