Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bəzi transmilli şirkətlər həmkarlar təşkilatlarının yaradılmasına mane olur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib.
Onun sözlərinə görə, bu şirkətlərdə AHİK-in nümayəndələrinin işçilərlə görüşünə imkan verilmir ki, onlara həmkarlar ittifaqlarının yaradılmasının üstünlükləri barədə məlumat verilsin. S.Mehbalıyev bildirib ki, iri şirkətlər öz mənfəətlərindən işçilərin həyat və məişət şəraitinin yaxşılaşdırılmasına pul ayırmaq istəmir: «Biz görürük ki, bəzi iri təşkilatlar, məsələn, Azərbaycan Dövlət Neft Şirkəti və «Azərbaycan Dəmir Yolları» QSC işçiləri üçün evlər tikir, digər təşkilatlar da öz işçilərinin həyat şəraitini yaxşılaşdırır».
AHİK rəhbəri bildirib ki, xarici şirkətlər də bu nümunəyə qoşulmalıdır: «Biz istəyirik ki, Azərbaycandan milyardlarla gəlir götürən böyük şirkətlər bu pulun heç olması 5%-ni işçilərinin, buradakı Qarabağ əlilləri və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına xərcləsin».