Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının yeni təyin olunmuş səfiri Müsaid bin İbrahim bin Abdullah əl-Səlimi ilə görüşüb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, ölkələr arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, iki ölkə arasında iqtisadi sahədə 10-dan çox sənəd imzalanıb. Azərbaycanla Səudiyyə Ərəbistanı əlaqələrinin genişlənməsində indiyədək 2 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətli rol oynayır. Ş.Mustafayev Hökumətlərarası Komissiyanın növbəti iclasının bu ilin sentyabr ayında Bakıda keçirilməsini təklif edib.
Səfiri Müsaid bin İbrahim bin Abdullah əl-Səlimi ölkəsində sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib, əməkdaşlığın daha da genişləndirilməsində əmin olduğunu bildirib.