Bakı. Yeganə Laçınzadə. APA-Economics. Fevralın 1-dən etibarən “Xalq Bank” ASC-nin Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin aylıq ödənişləri Hökumət ödəniş portalı (KÖMİS) vasitəsi ilə onlayn şəkildə qəbul olunmağa başlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu, müştəri rahatlığı və xidmət keyfiyyətinin artırılması, eləcə də nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsinə yönəlmiş daha bir addımıdır.
AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin sahibləri aylıq ödənişi həm bankın filiallarında, həm də internet şəbəkəsi vasitəsi ilə həyata keçirə bilərlər. İpoteka kreditləri üzrə ödənişləri Mərkəzi Bank yanında fəaliyyət göstərən Hökumət ödəniş portalının www.gpp.az internet ünvanından həyata keçirmək olduqca rahatdır.
Qeyd edək ki, “Xalq Bank” əhaliyə verdiyi ipoteka kreditlərinin, o cümlədən Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına təqdim olunan ipoteka kreditlərinin sayına görə ölkədə liderdir.
Bu günə olan məlumata görə, “Xalq Bank” 118,307 mln. manat həcmində 2 732 ipoteka krediti verib. Bu kreditlərin 1 299-u Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə, 1 433-ü isə əhaliyə “Xalq Bank”ın daxili ipoteka proqramı çərçivəsində verilib.