Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 66,7%-i və ya 110,8 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.
"APA-Economics"in xəbərinə görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49% çoxdur.
İcbarı sığorta növlərində yığımlar isə 55,2 mln. manat və ya bazarın 33,3%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 28,7% böyüyüb. 4 ay ərzində ümumi ödənişlərin 76,3%-i və ya 44,3 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 40% artıb.
İcbarı sığorta növləri üzrə ödənişlər isə 13,8 mln. manat və ya ümumi bazarın 23,7%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 9,8% çoxdur. Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 40 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 29,7 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 29,2 manatdan 24,9 manata düşüb.