Bank Of Baku

Azərbaycanla Dünya Bankı (DB) arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanla Dünya Bankı (DB) arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş tədbir keçirilib
# 14 dekabr 2012 18:09 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bakıda Azərbaycanla Dünya Bankı (DB) arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

"APA-Economics"in məlumatına görə, tədbirdə çıxış edən DB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Larisa Leşenko tərəflər arasında əməkdaşlığın tarixinə toxunub və bildirib ki, Azərbaycan son 20 il ərzində neft gəlirlərini səmərəli istifadə edib yoxsulluq səviyyəsini azalda bilib. L.Leşenko Azərbaycan hökumətinin neftdən asılılığın azaldılması və ümumiyyətlə iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib və bildirib ki, DB gələcəkdə də Azərbaycanın tərəfdaşı qismində çıxış etməyə hazırdır. DB-nın rəsmisi onu da əlavə edib ki, əgər 20 il bundan öncə Azərbaycanda adambaşına düşən gəlir cəmi $400 təşkil edirdisə, hazırda bu rəqəm 20 dəfə artıb.

 

Tədbirdə çıxış edən Azərbaycanın baş nazirinin müavini Abid Şərifov tərəflər arasında əməkdaşlığı yüksək qiymətləndirib və bildirib ki, əməkdaşlıq dövrü ərzində DB Azərbaycana müxtəlif sahələrdə 56 layihənin icrası üçün $3,136 mlrd. məbləğində kredit təsdiq edib və bunun $900 milyonu artıq istifadə olunub. A.Şərifov həmçinin əlavə edib ki, DB 20 il ərzində Azərbaycana müxtəlif layihələr çərçivəsində $42 mln. qrant ayırıb və bu layihələrin əksəriyyəti artıq başa çatıb.

 

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov isə tədbirdəki çıxışında qeyd edib ki, DB Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridir və tərəflər bir çox sahələrdə əməkdaşlıq edir. DB-nın Azərbaycanın bir çox sahələrdə apardığı islahatlarda daim dəstək olduğunu söyləyən E.Rüstəmov onu da vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda DB-dan ən böyük borcalan 3-cü ölkədir. E.Rüstəmovun sözlərinə görə, hazırda Azərbaycanda DB-nın maliyyə vəsaiti hesabına 20 layihə icra olunur. Qeyd edək ki, tədbir çərçivəsində "Azərmarka" şirkəti tərəfindən buraxılan və Azərbaycanla DB arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş marka təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR