Bakı. Yeganə Laçınzadə - APA-Economics. Tacikistan iqtisadi inkişaf və ticarət naziri, Tacikistan-Azərbaycan İqtisadi-Ticarət, Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nematullo Hikmatullozode ilə Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.
Azərbaycanın Tacikistandakı Səfirliyindən ”APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə başçısı arasında dostluq münasibətlərinin iqtisadi əlaqələri genişləndirmək üçün münbit şərait yaratdığı vurğulanıb.
Tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələri müzakirə edib, iqtisadi-ticari əlaqələrin inkişafına dair məsələləri nəzərdən keçirib. Bundan başqa, Tacikistan iqtisadiyyatına Azərbaycan sərmayəsinin cəlb edilməsi, kənd təsərrüfatı məhsullarının emalı sahəsində birgə müəssisələrin yaradılması, Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Ölkələr arasında hərtərəfli əməkdaşlığın bundan sonra da məhsuldar inkişaf edəcəyi əminliklə qeyd olunub.
Səfir Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə dair məlumat verərək ölkəmizin investisiya qəbul edən ölkədən investisiya qoyan ölkəyə çevrildiyini və son illər ərzində başqa ölkələrə böyük həcmdə sərmayə qoyduğunu bildirib.