Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev türkiyəli həmkarı, iqtisadiyyat naziri Nihat Zeybekcinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini, əlaqələrimizin dünyada nümunə olduğunu vurğulayıb.
Nazir bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir: “İndiyədək 40-ı iqtisadi sahədə olmaqla, Azərbaycan və Türkiyə arasında 190-a yaxın sənəd imzalanıb. Hazırda Azərbaycanda 2 600-dən çox türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycan Türkiyəyə 5 mlrd. ABŞ dolları, Türkiyə isə ölkəmizə 6,3 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və Türkiyə bir sıra iri enerji və nəqliyyat layihələrinin fəal iştirakçılarıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya əsas nəqliyyat layihəsi olmaqla ölkələrimizin tranzit imkanlarını artıracaq”.
Ş.Mustafayev iki ölkə arasında ikitərəfli və tranzit yükdaşımalarının inkişaf etdirilməsi, aqroparkların yaradılması, sənaye parklarına türkiyəli investorların cəlb edilməsi, eləcə də ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, kənd təsərrüfatı, qida, tekstil, turizm, bankçılıq sahələrində əməkdaşlığın genişləndirilməsi, 3-cü ölkələrdə birgə müəssisələrin yaradılması imkanlarını qeyd edib. O, bu sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsini təklif edib.
Bundan başqa, Ş.Mustafayev yaxın iki ay ərzində üçtərəfli formatda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran iqtisadiyyat nazirlərinin görüşünün və biznes forumların təşkil olunmasını təklif edib və bu barədə razılığa gəlinib. Bundan başqa, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatında da bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.
N.Zeybekci qardaş Azərbaycana səfərindən, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. N. Zeybekci ölkələrin mövcud potensialından istifadə etməklə iqtisadi əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, iqtisadi əməkdaşlığın yeni istiqamətlərinə dair fikirlərini bölüşüb, kənd təsərrüfatı sahəsində pereferensial ticarət əlaqələrinin yaradılması təklifi ilə çıxış edib.
Görüşdə iş adamları birliklərinin, o cümlədən Türkiyədə Azərbaycan İş Adamları Birliyinin fəaliyyətinin dəstəklənməsinin davam etdirilməsi qərara alınıb.
İqtisadiyyat nazirlərinin görüşündə həmçinin, “Petkim”, STAR, Cənub Qaz dəhlizi və Bakı-Tbilisi-Qars layihələrinin icrası, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.