Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyində 2015-2016-cı illər üzrə aparılmış audit yoxlamasının nəticələrini açıqlayıb.
APA-nın məlumatına görə, Nizamnaməsinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin (Birlik) əsas vəzifəsi Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirmək, yaşıllığın və toxumçuluğun inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının, güllüklərin salınmasını, onların qorunmasını təmin etmək, şəhər əhalisinin gül və gül məhsullarına olan tələbatını ödəmək, və qanunla qadağan olunmayan digər fəaliyyətdən ibarətdir.
Birliyin tabeliyində müstəqil balansa malik “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir-Tikinti Müəssisəsi, Ağac-Bəzək Bitkiləri Sovxozu, Avtomobil Nəqliyyatı İdarəsi, Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi fəaliyyət göstərir. Birlik tərəfindən qulluq edilən yaşıllıq ərazisi faktiki olaraq hər ay orta hesabla 2015-ci ilin IV rübündə 3032,8 hektar, 2016-cı ildə 3778,3 hektar təşkil edir. Auditlə ümumilikdə 17 milyon 144,2 min manat məbləğində vəsait əhatə olunub. Birliyin Nizamnaməsinin bəzi tələblərinə riayət edilməyib, Birliyin strukturunu və ştat cədvəli Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq etdirilməyib, strukturu “İdarə aparatı” və “sahə işçiləri” olmaqla Birliyin rəhbərliyi tərəfindən təsdiq olunub. Nəticədə 2016-cı ildə aparat işçilərinin ştat cədvəli üzrə 10 dəfə, sahə işçilərinin ştat cədvəlində isə 15 dəfə dəyişiklik edilib.
Bakı şəhərinin yaşıllıqlara xidmət göstərilməsi üçün “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə dövlət büdcəsi layihəsinə təqdim olunan və icra prosesində Birlik tərəfindən qulluq edilən sahə göstəriciləri arasında əhəmiyyətli fərqlər olub. Müvafiq illər üzrə “abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə yaşıllıqlara qulluq xərcləri üzrə təqdim olunmuş proqnozlaşmada Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin tərkibində norma ilə nəzərdə tutulmayan xərclər nəzərdə tutularaq proqnozlaşdırılıb. Birliyin təsdiq edilmiş ştat cədvəllərində yaşıllıq sahəsi işçilərinin əmək haqları qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun müəyyənləşdirilməyib, aqronom vəzifəsinə uyğun olmayan ixtisaslarda (müəllim, mühəndis, iqtisadçı və s.) audit dövründən əvvəl 13 nəfər şəxs işə qəbul edilib və onlara əmək haqqı ödənilib. Yaşıllıq sahəsi işçilərinin icbari sığorta haqqı ödənilərkən işdən çıxan işçilər üzrə sığorta haqqı azaldılmayıb. Birlik tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməyərək, balansında olan yaşıllıq sahəsinin, habelə həmin sahədə ağac və kolların, çəmənlik və gül sahəsinin, çoxillik əkmələrin inventarizasiyası aparılmayıb, alınması rəsmiləşdirilmiş əkin materiallarının, o cümlədən ağac və kolların, hazır çimin, gül şitillərinin yaşıllıq sahələrində əkilməsi sahə üzrə (rayon üzrə) aktla sənədləşdirilsə də ünvan və say barədə məlumatlar əks olunmayıb. Birlik tərəfindən Nizamnaməsinə uyğun təsərrüfat fəaliyyəti göstərməsi üçün əlavə gəlir mənbələri axtarılmayıb, fəaliyyətini yalnız dövlət büdcəsindən Bakı şəhərinin yaşıllıqlarına qulluq məqsədi ilə ayrılmış vəsait hesabına formalaşdırıb.