Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı Michael Haussner ilə görüşüb. Katiblikdən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, Bank Ombudsmanının məsul katibi Elçin Həsənov, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun Azərbaycan üzrə nümayəndəsi Eduard Şmit və nümayəndəliyin maliyyə savadlılığı və qənaət səfərbərliyi üzrə layihə köməkçisi Xuraman xanım Hüseynzadə iştirak edib.
Görüşün əsas məqsədi Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı ilə Almaniyalı qonaq arasında təcrübə mübadiləsi və fikir mübadiləsi aparmaq olub. İ. Kərimov bu görüşün hər iki tərəf üçün gərəkli olacağına inamını bildirərək Azərbaycanda Bank Ombudsmanının yaranması, həyata keçirilmiş işlər, mübahisələrin əsas motivləri və onların həlli yolları, müraciətlərin statistikası, qurumun beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib. İ. Kərimov məhz dünyada ilk Maliyyə Ombudsmanının 1992-ci ildə Almaniyada yaradılması bu ölkənin təcrübəsinin digər ölkələr kimi bizə də prioritet olduğunu və bu təcrübədən istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Bu səbəbdən beynəlxalq təcrübənin, eləcədə Almaniya təcrübəsinin önəmli olduğunu qonaqların nəzərinə çatdırıb. Eyni zamanda bu həftə ərzində onun da iştirak edəcəyi tədbirlər haqqında məlumat verib.
Almaniyalı Ombudsman Michael Haussner görüşün böyük əhəmiyyət daşıdığını qeyd edərək ilk dəfə Azərbaycana gəldiyini və Bakı şəhərinin gözəlliyinə, görülmüş işlərə, xalqımızın qonaqpərvərliyinə valeh olduğunu xüsusilə önə çəkib.
Daha sonra İ. Kərimovun, M. Haussnerin və banklarla fiziki şəxs müştəriləri arasında olan mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması və tərəflər arasında barışıq sazişinin bağlanılması üçün bankların səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Bank Ombudsmanının məsul katibi E. Həsənov bank ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası və icra vəziyyəti, əsas mübahisə motivləri, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib, fikir mübadiləsi aparıb.
Daha sonra çıxış edən İ. Kərimov öz çıxışında problemli kreditləri vəziyyətini, məhkəmədə olan müraciətlərin ildən–ilə daha da artığını qeyd edib, bu problemlərin tez bir zamanda həll edilməsinin vacibliyini vurğulayıb.
Çıxış üçün söz alan Almaniyalı Ombudsman Michael Haussner Almaniyada 7 fərqli Bank qrupunun (Özəl, İctimai, Əmanət kassaları, Dostluq, Kənd təsərrüfatı, Arbitraj və Sənaye) fəaliyyət göstərdiyini deyib: “Hər qrupun da 2 Ombudsmanı var. Bu ombudsmanlar öz sahələri üzrə müstəqildirlər və müraciətlərə regional qaydada baxırlar. Bizim təcrübədən fərqli olaraq onlarda maksimum iddia məbləği müəyyən olunmamış, lakin digər prosedurlar bizdəki təcrübəyə uyğun olaraq həyata keçirilir. Almaniyada Ombudsman tərəfindən verilən qərarlar banklar tərəfindən yerinə yetirilmə faizi çox yüksəkdir və bu fəaliyyəti tənzimləyən ayrı bir Arbitraj qanunu qəbul edilib. Almaniyada da vətəndaşların müraciətlərinə ödənişsiz olaraq baxılır”.
M. Haussner həmkarları üçün zəruri olan digər bilik və təcrübələri haqqında ətraflı məlumat verib.
İ. Kərimov dəyərli fikir və təcrübəsini bölüşdüyü üçün həmkarına təşəkkürünü bildirib və gələcəkdə də belə təcrübə mübadiləsinin həm burda, həm də Almaniyada davam etdirilməsi istiqamətində razılıq əldə olunub.
Görüşün sonunda həm İ. Kərimov, həm M. Haussner iştirakçıları maraqlandıran suallara cavab veriblər və gələcəkdə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb. İclasda 25 bank və 2 bank olmayan kredit təşkilatının nümayəndələri iştirak edib.
Qeyd edək ki, Bank Ombudsmanının yaradılması haqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Hazırda Bank Ombudsmanı 25 bank və 2 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamənin imzalanması üzərində danışıqlar aparılır.