Bakı. Musa Əhmədov - APA-Economics. Baş nazir Artur Rasizadə Azərbaycanın 2017-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin prezidentə vaxtında təqdim edilməsi məqsədi ilə sərəncam imzalayıb.
"APA-Economics"in məlumatına görə, sərəncamda qeyd olunur ki, "Büdcə sistemi haqqında” qanunun və Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2016-cı il sentyabrın 15-dək, İqtisadiyyat Nazirliyi Azərbaycanın növbəti büdcə ili və gələn 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2016-cı il sentyabrın 10-dək, həmçinin həmin Qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb prezidentə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.
Sərəncama əsasən, Maliyyə Nazirliyi 2017-ci il və sonrakı 3 il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Sərəncamda Dövlət Statistika Komitəsinə cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədi ilə 2015-ci ilin ilkin statistik məlumatlarını 2016-cı il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək, növbəti büdcə ili və gələn 3 il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların İqtisadiyyat, Maliyyə, Vergilər Nazirliklərinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin etmək tapşırılıb.
Bundan başqa, 2014-2015-ci illər üzrə Vergilər Nazirliyi əlavə dəyər vergisi ödəyiciləri üzrə (fəaliyyət göstərdiyi şəhər və rayonlar göstərilməklə) hesablanmış və dövlət büdcəsinə daxil olmuş vergilərə, Dövlət Gömrük Komitəsi ölkə ərazisinə idxal olunan mallar üzrə tətbiq edilən əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunmuş hüquqi və fiziki şəxslər və onların idxal göstəricilərinə, Əmlak Məsələləri Dövlət Komitəsi hər bir hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə dövlət mülkiyyətinin və torpaqların icarəyə verilməsi ilə bağlı hesablanmış və dövlət büdcəsinə daxil olmuş vəsaitə, Dövlət Sosial Müdafiə Fondu hər bir hüquqi və fiziki şəxs üzrə hesablanılmış və fonda ödənilmiş məcburi dövlət sosial sığorta ayırmalara dair məlumatları 2016-cı il aprelin 1-dək İqtisadiyyat, eləcə də Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etməlidir.
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini 2016-cı il martın 1-dək Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı 3 il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə 2016-cı il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2016-cı il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir. Maliyyə Nazirliyi 2017-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2016-cı il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2016-cı il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2016-cı il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2016-cı il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim edəcək.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2016-cı il dəqiqləşdirilmiş, 2017-ci il və sonrakı 3 il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2017-ci il üçün ilkin proqnozlarını 2016-cı il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2016-cı il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Bundan başqa, İqtisadiyyat Nazirliyi 2017-ci il və sonrakı üç il üçün Ümumi Daxili Məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2016-cı il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2016-cı il avqustun 1-dək Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir.
İqtisadiyyat Nazirliyinə 2017-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri üzrə makroiqtisadi çərçivənin müəyyən olunması üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq komissiyanın tərkibinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək də tapşırılıb.
Sərəncama görə, Vergilər Nazirliyinin regional və yerli bölmələri Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2016-cı il iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etməlidir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2016-cı il iyulun 15-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə qanunvericiliklə müdafiə olunan xərclər istisna olmaqla, digər xərclər üzrə qənaət rejimi gözlənilməklə, növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini hazırlayıb (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2016-cı il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2016-cı il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
YENİLƏNİB'>