“APA-Economics”in məlumatına görə, bu barədə BVF-in Qafqaz və Mərkəzi Asiya regionu üzrə hesabatında deyilir.
BVF regionun neft ixracatçısı olan ölkələrdə, o cümlədən Azərbaycanda cari əməliyyat hesabının profisitinin azalmasını proqnozlaşdırır. Bu şəraitdə region ölkələrində dəyişkən məzənnə siyasətinin həyata keçirilməsi tövsiyə olunur.
Həmçinin BVF-nin hesablamalarına görə, Azərbaycanın büdcəsinin tarazlaşdırılmış vəziyyətdə qalması üçün neftin qiyməti 90 dollar səviyyəsindədir. Xatırladaq ki, cari ilin və 2014-cü ilin dövlət büdcəsi 100 dollarlıq baza qiymətinə əsasən formalaşdırılıb.
Bundan əlavə hesabatda deyilir ki, Azərbaycanda son zamanlar kreditləşmə, o cümlədən istehlak kreditləşmə sürətlənib və bu vəziyyətdə requlyator tərəfindən nəzarətin gücləndirməsi zəruri hesab olunur.
BVF region ölkələri üçün bir sıra tədbirlərin görülməsini tövsiyə edir. Buraya struktur islahatlarının sürətləndirilməsi, büdcə sistemlərinin möhkəmləndirilməsi, pul-kredit sisteminin səmərəliliyinin artırılması, maliyyə sektorunun inkişafının stimullaşdırılması kimi tədbirlər aid edilir.
Ümumilikdə, BVF-in proqnozlarına görə, 2014-cü ildə Azərbaycanda iqtisadi artım 5,6%, bu il isə 3,5% təşkil edəcək. Müqayisə üçün bildirək ki, ölkə hökumətinin bu həftə açıqladığı proqnozlara əsasən, gələn il Azərbaycanda iqtisadi artım 5,2%, bu il isə 4,5% olacaq. Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində ölkədə iqtisadi artım artıq 5,4% təşkil edib.
Bundan əlavə, BFV-nin proqnozlarına görə, gələn il Azərbaycanda inflyasiya 6,3%, bu il isə 3,7% olacaq. Hökumətin proqnozlarında bu göstərici müvafiq olaraq 3,5% və 3,3% səviyyəsində gözlənilir. Beləliklə, BVF hökumətdən fərqli olaraq gələn il üçün daha kəskin həddə inflyasiya gözləyir. Bu il üçün isə proqnozlar təxminən eyni səviyyədədir.
Qeyd edək ki, 9 ayın nəticələrinə görə, Azərbaycanda inflyasiya 2,3% təşkil edib.