Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 349,0 mln. kVt/saat elektrik enerjisi, 105,1 min Qkal istilik enerjisi, 76,2 mln. kubmetr təbii qaz, 18,0 mln. kubmetr su, 6,7 mln. manatlıq rabitə xidmətləri istehlak edilib.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sudan istifadə 7,8%, rabitə xidmətlərindən istifadə 4,7%, elektrik enerjisinin istehlakı 2,4%, istilik enerjisinin istehlakı 0,9% artıb, təbii qazın istehlakı isə 4,5% azalıb.
İstifadə edilmiş elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərinin ümumi dəyəri 2,7% artaraq 114,8 mln. manat təşkil edib.
İstehlakın ümumi dəyərində elektrik enerjisinin payı 70,5%, suyun 14,6%, təbii qazın 6,6%, rabitə xidmətlərinin 5,8%, istilik enerjisinin payı isə 2,5% olub.
Bu ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 91,6%-ni (2012-ci ilin 9 ayında - 92,3%) ödəməklə 9,7 mln. manatını kəsirdə qoyublar. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin 6,3 mln. manatı, suyun 2,0 mln. manatı, təbii qazın 1,0 mln. manatı, istilik enerjisinin 373,8 min manatı, rabitə xidmətlərinin 73,6 min manatı ödənilməyib.