Bakı. Pərviz Nuriyev – APA-Economics. Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kesslerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ə. Abdullayev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsi arasında qurulacaq əməkdaşlıq imkanlarından danışıb.
İqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan Azərbaycan gömrük orqanlarının qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizə istiqamətində konkret və məqsədyönlü tədbirlər həyata keçirdiyini deyən Ə. Abdullayev mübarizənin daha effektli təşkili üçün istər beynəlxalq təşkilatlar, istərsə də qonşu dövlətlərin müvafiq qurumları ilə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən C. Kessler Azərbaycanın Avropa Komissiyası ilə mövcud əməkdaşlığından danışıb, əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud potensialdan maksimum yararlanmağın vacibliyindən bəhs edib. Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) fəaliyyəti ilə bağlı məlumat verən C. Kessler xüsusilə tütün məmulatlarının qaçaqmalçılığına qarşı mübarizə istiqamətində Azərbaycanın Gömrük Xidməti ilə əməkdaşlıqda maraqlı olduqlarını vuğulayıb.
Verilən təklifi müsbət dəyərləndirən DGK sədrinin müavini Ə. Abdullayev Azərbaycan Dövlət Gömrük Xidmətinin tütün məmulatların qaçaqmalçılığına qarşı mübarizə istiqamətində həyata keçirdiyi konkret tədbirlərdən bəhs edib, bu kimi cinayətlərin qarşısının alınmasında birgə əməkdaşlığın, məlumat mübadiləsinin əhəmiyyətini önə çəkib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.