Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Şamşad Axtarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Komitənin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası ilə əməkdaşlıqdan, bu təşkilatın keçirdiyi treninqlərdə Azərbaycan gömrük xidməti əməkdaşlarının iştirakından məmnuniyyətlə söhbət açmış, əlaqələrin gələcək perspektivlərindən bəhs edib.
A. Əliyev, eyni zamanda 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırlayıb, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.
Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının DGK-ya xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A. Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.
Ş. Axtar rəhbərlik etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, eləcə də Azərbaycan gömrük xidməti ilə əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
YENİLƏNİB'>