Bunu «APA-Economics»ə açıqlamasında iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov bildirib.
Onu sözlərinə görə, hökumət başa düşür ki, banklar özəlləşdirilməlidir və indiyədək özəlləşməyən yeganə bank ABB-dir. Digər tərəfdən hökumətin bəzi funksiyaları da var ki, onları dövlət bankı yerinə yetirə bilər: «Məsələn, «Eximbank»lar. Belə banklar inkişaf etmiş ölkələrin əksəriyyətində, ABŞ və Yaponiyada da var. «Eximbank» ölkənin inkişaf bankı funksiyasını yerinə yetirir».
V.Axundov bildirib ki, hazırda bütün dünyada böhranın davam etməsinə baxmayaraq, Azərbaycanın bank sistemi normal vəziyyətdədir: «Beynəlxalq Bank da bir neçə il bundan əvvəl yaranmış bəzi çətinlikləri aradan qaldırır və indi orada bir problem yoxdur. Buna baxmayaraq, biz ABB-nin özəlləşdirilməsi barədə fikirləşirik. Özəlləşdirəcəyik, amma baxılacaq ki, dövlət payı necə istifadə olunsun».
Müşavir ABB-da dövlətin «qızıl» paya, yəni qərarların qəbulunda həlledici səsə imkan verən «25%+1 səhm»ə malik olma variantının da istisna edilmədiyini bildirib: «Bu da ola bilər, amma danışıqlardan asılıdır».
V.Axundov bildirib ki, hələlik hökumət ABB-nin özəlləşdirilməsi ilə bağlı vaxt konkret çərçivəsi müəyyən etməyib: «Əvvəla, prosesin sürətləndirilməsinə elə bir ehtiyac yoxdur. Digər tərəfdən, belə nöqtənin müəyyən edilməsi danışıqları çətinləşdirə bilər. Biz, özümüz müəyyənləşdirdiyimiz tarixin girovuna çevrilə bilərik».