Bakı. Vüsal Nəbiyev – APA-Economics. 2015-ci ilin fevralın 1-nə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 0,66% artıb. Yanvar ayı ərzində əlavə olaraq 150 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 22 663 nəfərə yüksəlib.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,06%-ni (20 188 nəfər) kişilər, 10,94%-ni (2 475 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (12083 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2553 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1311 nəfərə çatıb.
Sonrakı yerlərdə İran (875), Çin (757), Hindistan (624), Pakistan (467), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (354), Ukrayna (257), Özbəkistan (238) Banqladeş (206), Almaniya (195), Filippin (193), Türkmənistan (184), ABŞ (171), Qazaxıstan (163), İtaliya (153), Koreya (143) və s. ölkələr qərarlaşıb.