Bakı. Musa Əhmədov - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) fərdi uçot sistemində qeydiyyata düşmədən fərdi əmək fəaliyyəti ilə məşğul olan və sosial sığorta ayırmalarını dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərin müəyyən edilməsi istiqamətində işləri davam etdirir.
“APA-Economics”in məlumatına görə, bu barədə fondun proqnozlaşdırma şöbəsinin müdiri Fərid Baxşiyev deyib.
“Məlum olduğu kimi, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər iqtisadi məşğul əhalinin tərkibinə daxil edilir. Yəni, həmin şəxslər məşğul əhali hesab olunur. Gördükləri işin müqabilində gəlir əldə edirlər. DSMF hazırda həmin şəxslərin qanunvericiliyin tələbi ilə fərdi uçot sistemində qeydiyyata alaraq sosial sığorta prinsiplərinə adekvat olaraq sosial sığortaya cəlb edilməsi istiqamətində ardıcıl fəaliyyəti davam etdirir”, - deyə F.Baxşıyev bildirib.
Onun sözlərinə görə, iş yerlərinin leqallaşdırılması ilə bağlı inzibati tədbirlər nəticəsində 180 mindən çox yeni iş yeri fərdi uçot sistemi qaydasında qeydiyyata alınıb, onlara sosial sığorta nömrəsi verilib və fərdi şəxsi hesab açılıb.
Qeyd edək ki, görülmüş işlər nəticəsində 2015-ci ilin yanvarın 1-nə ölkədə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 976 318 nəfərə çatıb.