Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Dubayda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyasının IV iclası keçirilib.
APA-nın abudhabicityguide.com saytına istinadən verdiyi məlumata görə, iclas komissiyanın həmsədrləri - BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsuri və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev tərəfindən açıq elan edilib.
İclasda iki ölkə arasında iqtisadi əməkdaşlıq, iqtisadi və ticari əlaqələri inkişaf etdirmək üçün mövcud potensial müzakirə olunub.
“İki ölkə arasında biznes və digər təşkilatlar arasındakı əlaqələr məhsuldar kommersiya və ticari əməkdaşlıq üçün ideal şərait yaradıb. Biz inkişaf və çiçəklənmə yolunda birgə addımlayırıq. BƏƏ Azərbaycanla iqtisadi əlaqələri möhkəmləndirmək üçün müvafiq institutların yaranmasında maraqlıdır və birgə iqtisadi komissiyanın iclasları hər iki tərəfin investorlarının tələblərini anlamağa komək edir”, - deyə nazir Sultan bin Səid əl-Mənsuri bildirib.
Nazir həmçinin qeyd edib ki, komissiyanın ilk iclasının 2008-ci ildə keçirildiyi tarixdən bu yana hər iki ölkə nəqliyyat, turizm, təhsil, səhiyyə, gömrük, sənaye, kənd təsərrüfatı, qida məhsullarının istehsalı, neft və qaz sahəsində əməkdaşlıqla bağlı ciddi irəliləyişlərə nail olub.
Tədbirdə qeyd edilib ki, bu ilin ikinci yarısında BƏƏ ilə Azərbaycan arasında ticarət dövriyyəsi 57% artıb. Hazırda Azərbaycanda 122 BƏƏ şirkəti fəaliyyət göstərir. 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 300 mln. ABŞ dolları olub ki, bu da 2012-ci ilin ilk 9 ayında 24% artıb. BƏƏ Azərbaycana 200 mln. dollar investisiya yatırıb.
İclasın sonunda nazirlər tərəfindən yekun protokol və Vahid Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.