APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VI qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, ilkin mərhələdə baxılan 2871 məsələdən 1399-u Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Onun sözlərinə görə, digər 744 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib: “Ötən müddətdə Şuraya daxil olan şikayətlərin 728-nə komissiyalarda baxılıb. Bunlardan 511-i Şikayətlər üzrə Komissiyada, 96-ı “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 17-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 24-ü Sosial-iqtisadi komissiyada araşdırılıb. 2871 müraciətdən 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil etdiyi halda, yerdə qalan 728 müraciətdən 51-i Mətbuat Şurasının “qara siyahı”sında olan KİV-lərdəndir. Prosedur qaydalara əsasən, belə müraciətlərə Şuranın apellyasiya qrupunda baxıldıqdan sonra cavablandırılıb. 10 məsələ Bölgə mətbuatının inkişafı üzrə Komissiya, 10 məsələ Hüquq komissiyası, 9 məsələ Dil Komissiyası tərəfindən araşdırılıb”.
Ə.Amaov qeyd edib ki, Şikayətlər üzrə Komissiyada baxılan 511 məsələdən 363-ü komissiya səviyyəsində həllini tapıb. Digər 148 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. Onun sözlərinə görə, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 96 şikayətdən 78-i barədə təqdimat hazırlanaraq yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə verilib, 18 şikayət isə komissiyada həllini tapıb: “Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 161 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 148 rəyindən 130-u, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 11 təqdimatından 10-u əsas götürülüb. Şikayətlər üzrə Komissiyanın 148 rəyindən 10-u təkrar baxılmaq üçün Katibliyə təqdim edilib. İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 20-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 135 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 86 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını nəzərdə tutub. Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında baxılan 17, Sosial Komissiyada baxılan 24 şikayətin hər biri həllini tapıb, bu barədə İdarə Heyətinə müvafiq məlumat verilib. Bundan başqa, İdarə Heyətinin cari məsələlərlə bağlı digər 95 qərarı var ki, bunlardan da 8-də “qara siyahı”dakı KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətləri araşdıran apellyasiya qrupunun təqdimatına əsaslanılıb. Qurultaylararası dövrdə Şuranın İdarə Heyətinin 54, Şikayətlər üzrə Komissiyanın 62, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 18, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 14 iclası keçirilib. Bundan başqa, müxtəlif məsələlərlə bağlı Şuranın Sosial Komissiyasının 13, Hüquq, İqtisadiyyat, Dil, Təhsil, Bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 12 iclası keçirilib. Şuranın apellyasiya qrupu 8, Ahıl Jurnalistlər Məclisi 15 dəfə toplanıb”.