Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda pensiyaçılar pensiyalarını başqa bankların bankomatlarından götürə biləcəklər.
“APA-Economics”in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, pensiyalar götürülən zaman bankomatların qarşısında gərginliklər müşahidə olunur: “Bu halı pensiyaların maliyyələşdirilməsində problem kimi qiymətləndirilməməlidir. Bu, vətəndaşların maliyyələşmə günündə, yəni bir gündə bankomatdan öz vəsaitlərini nağd çıxarılması səbəbindən baş verir. Bu məsələnin tənzimlənməsi üçün DSMF müvafiq qurumlarla birgə iş aparır. Bu iki istiqamətdə aparılır. İlk növbədə problemin yumşaldılmasını nəzərdən keçiririk və plastik kart sahiblərinə müxtəlif bankların bankomatlarından istifadə etmək imkanın yaradılmasını barədə düşünürük. Banklar arasında interfeys əlaqəsinin gücləndirilməsi hesabına pensiyaçılarımız plastik kartdan müxtəlif bankların bankomatları vasitəsilə pensiyalarını əldə edə biləcəklər. İkincisi, nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi və pensiyaçılar arasında bu sahədə təşviqatın aparılmasıdır”.