Bakı. Aynur Əliyeva - APA-Economics. "Son dövrlər neftin qiymətinin düşməsi və bununla bağlı fiskal problemlərin yaranması müxtəlif ölkələrdə müşahidə olunur. Amma Azərbaycan respublikasında ötən il pensiyaların maliyyələşməsi prosesində də müşahidə olundu ki, heç bir problem olmadı".
"APA-Economics"in məlumatına görə, bu haqda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.
Ötən il pensiyaların maliyyələşməsinin dekabrın 17-də tam yekunlaşdırıldığını xatırladan fond sədri qeyd edib ki, qurum 2015-ci ilin yanvarın 1-nə 130 mln. manatlıq sərbəst qalıqla keçib.
“Bu Azərbaycanın dinamik inkişafının daha bir təzahürüdür və Azərbaycanda qurulmuş pensiya-sığorta sisteminin iqtisadi inkişafla birbaşa əlaqəli fəaliyyət göstərməsi və bu iqtisadi inkişafın dinamik tərzdə davam etməsi əhalinin pensiya təminatında da etibarlı sosial müdafiəni reallaşdırmağa təminat verir. Yanvar ayında da biz pensiyaların maliyyələşdirilməsini qrafikdən əvvəl yerinə yetirmişik”, - deyə E. Mehdiyev bildirib.