Azərbaycan gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların respublikamıza gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb.
Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda bıçağa bənzər predmetin təsviri görünüb. Gömrük əməkdaşlarının həmin baqajı təkrar yoxlaması nəticəsində vətəndaşın çamadanından 1 ədəd tünd qəhvəyi rəngli gövdəsi olan süngü-bıçaq aşkar edilib.
Moskva-Gəncə aviareysi ilə gələn digər Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı isə monitorda “beşbarmağ”a oxşar əşyanın təsviri görünüb. Gömrük əməkdaşları həmin baqaja təkrar yoxlama keçirərkən vətəndaşın çantasından 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.
Frankfurt-Bakı aviareysi ilə gələn daha bir Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış keçirildikdə isə monitorda dəyənək təsviri əks olunub. Gömrük əməkdaşları həmin baqajı təkrar yoxladıqda vətəndaşın çamadanından 1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.