Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində gömrük xidməti orqanlarında yeni fəaliyyətə başlayan əməkdaşlar üçün andiçmə mərasimi keçirilib.
“APA-ERconomics”in verdiyi xəbərə görə, andiçmə mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, artıq 18 ildir ki, gömrük xidmətində işə başlayan işçilərin andiçmə mərasimi ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir.
A. Əliyev Heydər Əliyevin Azərbaycanın Dövlət Gömrük sisteminin yaradılmasında müstəsna rolundan danışıb. ”Bu gün bütün dünya Azərbaycanın gömrük sistemindəki fiskal siyasətdən, İKT sahəsindəki uğurlarından geniş istifadə edir. Bu gün Azərbaycan gömrük sistemindəki təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilir”, - deyə komitə sədri qeyd edib.
Sonda A. Əliyev yeni fəaliyyətə başlayan işçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların ölkənin iqtisadiyyatının formalaşmasında yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Yeni işə qəbul olunanlar Azərbaycanın Dövlət himnini oxuduqdan sonra A. Əliyev andiçmə mərasimini açıq elan edib.