Bakı. Vahab Rzayev - APA-Economics. “Bank of Azerbaijan" ASC bu ilin yanvar-iyun aylarında vergi ödənilənə qədər 8,54 mln. manat həcmində mənfəət əldə edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın gəlirləri 22,50 mln. manat, xərcləri 13,96 mln. manat olub.
Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 88,5% və 34,8% artıb.
Bankın aktivləri ilin əvvəlindən 32% artaraq iyulun 1-nə 347,36 mln. manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kreditin həcmi 38,9% artıb və 299.34 mln. manat təşkil edib. Fiziki və hüquqi şəxslərdən cəlb edilən depozit portfeli (müddətli və tələbli) 17,8% artaraq 181,05 mln. manata çatıb, o cümlədən tələb olunanadək depozitlər 23,8% artaraq 74,76 milyon manat təşkil edib.
Hazırda “Bank of Azerbaijan” ASC-nin xidmət şəbəkəsi baş ofis, 16 filial və 3 şöbədən ibarətdir. Bankın ödənilmiş nizamnamə kapitalı 50 mln. manat təşkil edir.