Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycandan 2001-2010-cu illərdə 4,288 mlrd. ABŞ dolları həcmində kapital çıxarılıb. «APA-Economics»in məlumatına görə, bu barədə baş ofisi Vaşinqtonda yerləşən «Global Financial Integrity» (GFI, Qlobal Maliyyə Toxunulmazlığı) ictimai təşkilatının inkişaf etməkdə olan 150 ölkədən çıxarılan vəsaitlərin həcmi ilə bağlı hesabatında bildirilir.
Hesabata əsasən, ölkədən vəsaitlərin çıxarılmasının pik dövrü 2008-2010-cu illərə təsadüf edib – bu müddətdə Azərbaycandan xaricə kapital axını 3,3 mlrd. dollar olub.
GFI təşkilatı bu hesabatın tərtibatı zamanı həmin ölkələrin tədiyyə balansları və idxal-ixrac əməliyyatlarının həcmi ilə bağlı dövlət orqanlarının göstəricilərini müqayisə edib.
Hesablamalar nəticəsində məlum olub ki, 2001-2010-cu illərdə inkişaf etməkdə olan ölkələrdən çıxarılan vəsaitlərin ümumi məbləği 5,9 trln. dollar təşkil edib. Təkcə 2010-cu ildə 143 ölkədən 858,8 mlrd. dollar çıxarılıb. Bu, 2009-cu ilə nisbətən 13,6% çoxdur. Bu sahədə rekord göstərici 2008-ci ildə qeydə alınıb – 871,3 mlrd. dollar.
Araşdırmalara görə, son 10 ildə ən böyük pullar Çindən (2,74 trln. dollar) çıxarılıb. Kapital axınının 2010-cu ildəki həcminin təqribən yarısı (420 mln. dollar) da Çinin payına düşüb.
Hesabata əsasən, 2001-2010-cu illərdə Azərbaycandan 4,288 mlrd. dollar çıxarılıb. Təşkilatın məlumatına görə, 2001-ci ildə ölkədən çıxarılan kapital 1 mln. dollar, 2002-ci ildə 87 mln. dollar, 2003-cü ildə 112 mln. dollar, 2004-cü ildə 50 mln. dollar, 2005-ci ildə 126 mln. dollar, 2006-cı ildə 256 mln. dollar, 2007-ci ildə 361 mln. dollar, 2008-ci ildə 845 mln. dollar, 2009-cu ildə 1,461 mlrd. dollar, 2010-cu ildə isə 990 mln. dollar təşkil edib.
Başqa sözlə, təşkilatın qənaətinə görə, 2001-2010-cu illərdə Azərbaycandan hər il orta hesabla kapital axını 429 mln. dollar olub. Bu göstəriciyə görə Azərbaycan 143 ölkə arasında 79 yerdə qərarlaşıb. İlk yeri Çin (orta illik - 274 mlrd. dollar) tutub. İlk onluğa həmçinin Meksika (47,561 mlrd. dollar), Malayziya (28,524 mlrd. dollar), Səudiyyə Ərəbistanı (20,996 mlrd. dollar), Rusiya (15,159 mlrd. dollar), Filippin (13,8782 mlrd. dollar), Nigeriya (12,904 mlrd. dollar), Hindistan (12,332 mlrd. dollar), İndoneziya (10,886 mlrd. dollar), BƏƏ (10,650 mlrd. dollar) daxil edilib. Reytinqi Seneqal (1 mln. dollar) tamamlayır.
Qeyd edək ki, MDB ölkələri arasında kapital axınına görə ilk yeri Rusiya tutur – 10 ildə ölkədən 152 mlrd. dollar çıxarılıb. Sonrakı yerləri Qazaxıstan (19,161 mlrd. dollar), Ermənistan (5,255 mlrd. dollar), Gürcüstan (4,773 mlrd. dollar), Ukrayna (4,604 mlrd. dollar), Azərbaycan (4,288 mlrd. dollar), Moldova (2,518 mlrd. dollar), Tacikistan (815 mln. dollar), Belarus (784 mln. dollar), Qırğızıstan (711 mlrd. dollar) tutub.
Başqa sözlə, Azərbaycan bu göstəriciyə görə MDB ölkələri arasında 6-cı yerdədir. Türkmənistandan 2001-2003-cü illərdə ümumilikdə 1,978 mlrd. dollar çıxarılıb. Sonrakı dövrlər üçün isə bununla bağlı informasiya yoxdur. Amma ilk 3 ilin orta göstərici kimi ildə 659 mln. dollar göstərilir. Özbəkistan üzrə isə belə məlumatlar ümumiyyətlə göstərilməyib.