"2018-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" dünya iqtisadiyyatının inkişaf meylləri, ölkənin sosial-iqtisadi inkişafı üzrə hazırkı mövcud çağırışlar, inkişaf konsepsiyaları və dövlət proqramları nəzərə alınmaqla hazırlanıb".
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, konsepsiyanın ali məqsədi mövcud imkan və resurslardan səmərəli istifadə etməklə dayanıqlı iqtisadi inkişafa və əhalinin layiqli həyat səviyyəsinə nail olmaqdır. Ş.Mustafayev deyib ki, bu məqsədə nail olmaq üçün ölkə başçısı tərəfindən qəbul olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə müəyyən edilmiş hədəf və prioritetlərdən irəli gələrək 2018-2021-ci illər üçün sosial-iqtisadi siyasətin aşağıdakı strateji məqsədləri müəyyən edilib:
- fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin aparılması ilə makroiqtisadi sabitliyin təmin olunması;
- milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi;
- iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi;
- regionların davamlı və tarazlı inkişafının təmin edilməsi;
- insan kapitalının inkişaf etdirilməsi, əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi və sosial yönümlü siyasətin davamlılığının təmin edilməsi.
Qurum rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) ehtiyatlarının qorunması ilə məhdudlaşdırılmış makro-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb: "Dünya iqtisadiyyatının artım templərinin sürətlənməsinin 2017-ci ildə də davam etməsi növbəti illərin proqnozlarının dinamikliyinə əsas yaradıb. Belə ki, neft ixrac edən ölkələr arasındakı razılaşmalar onların inkişafına müsbət təsir edib, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatındakı sabitlik möhkəmlənib, region ölkələrində iqtisadi artım bərpa olunub, ortamüddətli dövrdə artımın saxlanılması proqnozlaşdırılıb. Bununla belə, dünya iqtisadiyyatında ortamüddətli dövr üçün risklər hələ də qalmaqdadır. Bunlara birja əmtəələrinin qiymətinin aşağı düşməsi, inkişaf etmiş ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, qlobal fond birjası indekslərinin sürətli artımı və geosiyasi riskləri aid etmək olar. Qeyd olunan proseslər, eləcə də neftin dünya bazar qiymətləri üzrə beynəlxalq təşkilatların proqnozları təhlil edilərək, neftin 1 barrelinin qiyməti 2018-ci il üçün 45, növbəti illər üçün isə 40 dollar qəbul edilib".