Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Qrant haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, kommersiya hüquqi şəxslərin müraciətləri əsasında İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2014-cü ildə 27 kommersiya hüquqi şəxsin 30 qrant müqaviləsi (qərarı) qeydiyyata alınıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qeydiyyata alınan qrant müqavilələri müxtəlif valyutalarda olmaqla 251 893 manat, 281 000 ABŞ dolları və 111 010 avro təşkil edib.
Qrant vəsaitləri etik poeziyanın və atalar sözlərinin tərcüməsi, dilçilik və mədəniyyətlə bağlı məlumatların toplanması, lüğətlərin hazırlanması və təkmilləşdirilməsi, uşaq resursları inkişafı mərkəzinin yaradılması və avadanlıqlarla təchiz edilməsi, əlil və xüsusi ehtiyacı olan uşaqlara və ailələrinə təlimlərin, sosial dəstəyin göstərilməsi, gənclər təşkilatlarının üzvləri, universitet tələbələri və digər vətəndaşlar arasında seminarların keçirilməsi, "ASAN Xidmət" mərkəzlərinin kadr potensialı üçün təlim və treninqlərin keçirilməsi, sahibkarlar tərəfindən fərdi qaydada internet saytlar yaratmaq üçün sadə proqram təminatının formalaşdırılması, teleradio yayımının effektiv həyata keçirilməsi və qüsurların aradan qaldırılması üçün xüsusi proqram təminatının yaradılması və s. istiqamətlərə yönəldilib.