İstanbul. Mayis Əlizadə - APA. İstanbulda G20 üzvü olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iştirakı ilə başlayan toplantıda 2008-ci ildəki dünya maliyyə böhranından sonra iqtisadiyyatın yenidən böyüməsi planları müzakirə edilir.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı “Böyümə raportu”nun müzakirə edildiyi toplantının səhər iclasından sonra OECD baş katibi Angel Gurria ilə müştərək mətbuat konfransı keçirən Türkiyə baş nazirinin iqtisadiyyata cavabdeh müavini Əli Babacan, sıx maliyyə siyasətinin iqtisadiyyatın stabil böyüməsinə əngəl törətdiyini xatırladaraq, iqtisadiyyatı struktural şəkildə inkişaf etdirməkdən çəkinməməyin lüzumunu vurğulayıb. Çoxşaxəli investisiyaların hökumətlər tərəfindən dəstəklənməsinin önəminə toxunan Türkiyə baş nazirinin müavini deyib ki, “bəzən yanlış investisiyalar böyük miqdarda pulların zibilliyə getməsinə səbəb olur”.
“Buna yol verməmək üçün investorlar daha aydın layihələr gətirməli, hökumətlər isə investorlara aydın məlumatlar verməlidir”, - deyə o qeyd edib.
2008-ci il dünya maliyyə böhranının Türkiyədəki ən kiçik banka belə təsir etmədiyini xatırladan Əli Babacan, bunun 2002-ci ildən bəri ardıcıl və sistemli şəkildə həyata keçirilən proqramlar sayəsində mümkün olduğunu vurğulayıb. Ə.Babacan OECD üzvü olan və Təşkilatla əməkdaşlıq edən ölkələrin əməkdaşlığı sayəsində “Böyüməyə keçid” proqramının uğurla həyata keçiriləcəyini və 2017-ci ildə ilk nəticələrinin alınacağına inandığını deyib.
OECD baş katibi Angel Gurria ölkələrin inkişafında təhsilin və qadın əməyinin önəminə diqqəti cəlb edərək, dünya iqtisadiyyatının gəldiyi mərhələdə gənc iş qüvvəsindən istifadənin iqtisadi böyümədə əvəzsiz rol oynayacağını vurğulayıb. Ölkələr arasındakı vergiləndirmə sistemində bürokratik əngəllərə də toxunan OECD baş katibi ”Vergiləndirmədə məlumatların avtomatik şəkildə paylaşılması sistemi”nə keçmək üçün addımlar atıldığını bildirib.
Fevralın 10-da Yunanıstan baş naziri Aleksis Sipras ilə görüşəcəyini açıqlayan A.Guirra, AB-nin böhran yaşanan ölkəsi ilə qarşılıqlı dialoq şəraitində çalışmağa hazır olduqlarını bildirib.