Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcmi ötən ilin eyni dövrünün göstəricisinə nisbətən təxminən 34% artıb. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, həm korporativ, həm də dövlət qiymətli kağızlar bazarında artan dinamika müşahidə olunur, eləcə də bazarda həm kəmiyyət, həm də keyfiyyət irəliləyişləri əldə olunub.
Komitə sədri bildirib ki, bu il ərzində qiymətli kağızlar bazarı vasitəsilə aparılan maliyyələşmədə artım müşahidə olunub: «Sevindirici məqam odur ki, artıq qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərimiz qiymətli kağızlar, eyni zamanda fond bazarını daha əhəmiyyətli, etibarlı və ucuz sərmayə mənbəyi hesab edir».
Cari ilin ilk 11 ayı ərzində Mərkəzi Bankın notları bazarı, eləcə də onlarla aparılan repo əməliyyatlarının artımı nəticəsində bütövlükdə dövlət qiymətli kağızları bazarında canlanma müşahidə olunub. Həmçinin, bu il səhm bazarının dinamikasında əhəmiyyətli - 3,5 dəfəyə qədər artım baş verib: «Başqa sözlə, 2012-ci ilin ilkin nəticələri onu deməyə əsas verir ki, səhm bazarında keyfiyyətcə yeni mərhələyə qədəm qoyulur. Səhmlərin həm ilkin, həm də təkrar yerləşdirilməsində artımı görmək olur».
R.Aslanlı qiymətli kağızlar bazarının 2013-cü ildə daha sürətlə inkişafını gözləyir: «Ən əsası, 2012-ci ildə başladığımız bəzi layihələr 2013-cü ildə davam etdiriləcək. Gələn il kapital bazarının infrastrukturunda bir sıra təkmilləşdirmə tədbirləri sürətləndiriləcək. Bu tədbirlərdən sonra Azərbaycan qiymətli kağızlar bazarında əməliyyatlar daha sadə mexanizmlə aparılacaq».
Komitə sədri bildirib ki, bu dəyişikliklər nəticəsində əməliyyatların aparılması üçün lazım olan vaxt və xərclər əhəmiyyətli dərəcədə azalacaq. Kapital bazarından maliyyələşmənin digər mənbələrə nisbətən daha əlverişli və sərfəli olması təmin ediləcək.