Bakı. Musa Əhmədov - APA-Economics. Bu il ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyi təmin edən yüksək maliyyə dayanıqlığı qorunacaq.
Bunu "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.
AMB-dən verilən məlumata görə, 2015-ci ilin pul və məzənnə siyasəti qlobal iqtisadi risklər, milli iqtisadiyyatın strateji inkişaf çağırışları nəzərə alınmaqla həyata keçiriləcək: "Pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin ediləcək. Bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olaraq dəyişəcək. Sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rolunu nəzərə alaraq 2015-ci ildə də manatın məzənnəsinin sabitliyi mühüm prioritet olacaq. İqtisadi situasiyadan asılı olaraq iqtisadi artıma effektiv dəstək vermək üçün pul siyasətinin çevikliyi artırılacaq, bu siyasətin strateji çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək".
Dünyada və regionda cərəyan edən proseslərin manatın məzənnəsinə təsirinə gəlincə, AMB-dən bildirilib ki, dünya və regionda cərəyan edən proseslər Mərkəzi Bank tərəfindən diqqətlə izlənilir və mövcud trendlər aparılan makroiqtisadi proqnozlaşdırmada və siyasət çərçivəsinin işlənilməsində nəzərə alınır.
"Milli valyutanın məzənnəsinə təsir edən ən mühüm amil daxili valyuta bazarında tələb və təklifin nisbətidir. Bu nisbət tədiyyə balansının vəziyyətindən asılı olaraq formalaşır. Mərkəzi Bank bundan sonra da özünün əməliyyatları ilə valyuta bazarında tarazlığı qorumağı hədəfləyəcək. İndiyədək olduğu kimi bundan sonra da məzənnə siyasətini həyata keçirərkən Mərkəzi Bank makroiqtisadi sabitliyin təmin edilməsi, maliyyə sabitliyinin və qeyri-neft iqtisadiyyatının rəqabət qabiliyyətinin qorunması kimi hədəfləri əsas götürəcək. İkitərəfli məzənnə ilə yanaşı, manatın nominal və real effektiv məzənnələri də sıx monitorinq ediləcək", - deyə məlumatda vurğulanır.