Bakı. Musa Əhmədov - APA-Economics. "İpoteka kimi verilən kreditin məbləğini artırmaq lazımdır".
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AZTV-nin efirində deyib.
E. Rüstəmovun sözlərinə görə, bu gün ipoteka kreditinin məbləğindəki 50 min manat limiti mənzil qiymətlərinin yüksəlməsi şəraitində əhalini təkrar mənzil bazarına yönəldir. "Biz hesab edirik ki, əhəmiyyətli surətdə bu vəsaiti artırmaq lazımdır, xüsusən də kommersiya ipotekasında. Mən düşünürəm ki, bunu sosial ipotekada da etmək olar ki, əhali bu vəsait sayəsində daha rahat olan yeni tikililərə üz tuta bilsin. Bizim məqsədimiz də budur. Çünki, yeni tikililərə yönəlmiş ipoteka iqtisadi inkişafa dəstək və təkan verir”, - deyə E. Rüstəmov qeyd edib.
Baş bankir əlavə edib ki, yeni ipoteka strategiyasına əsasən Maliyyə Nazirliyi və digər qurumlar ilə aktiv məsləhətləşmələr aparılır. E. Rüstəmov qeyd edib ki, bu məsələ hökumətdə müzakirə olunandan sonra Mərkəzi Bank müəyyən təkliflərlə çıxış edəcək: “Hesab edirəm ki, cari ildə də ipotekaya ayrılan vəsaitləri artırmaq mümkündür. Bazar mexanizmlərində, dövlətə və büdcəyə yük yaratmadan bazar mexanizmləri vasitəsi ilə vəsait cəlb etməyi düşünürük. Bu gün də bu baş verir. 680 milyonun əhəmiyyətli bir hissəsi - yarıdan çoxu dövlət xətti ilə verilmiş, digər əhəmiyyətli bir hissəsi isə bazardan cəlb olunmuş vəsaitlərdir”.