Bakı. Yeganə Laçınzadə - APA-Economics. Milli Depozit Mərkəzi real vaxt rejimində beynəlxalq ödənişləri həyata keçirən SWIFT şəbəkəsinə qoşulma üzrə birinci mərhələni bitirib.
Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, bununla da, layihənin texniki hissəsi tamamlanıb. Hal-hazırda isə təlimatların və prosedurların hazırlanması və MDM-in uçot sisteminə inteqrasiyası üzrə aktiv işlər görülür.
Qeyd edək ki, SWIFT şəbəkəsinə qoşulduqda, MDM hesablaşmalar üzrə xidmət səviyyəsini artıraraq, ödənişlərinin daha etibarlı, təhlükəsiz və sürətli həyata keçirilməsi imkanı əldə edəcək. SWIFT şəbəkəsinə qoşulma MDM üçün digər depozit yerləşdirən xarici təşkilatlarla əməliyyat əlaqələrinin qurulması üçün müsbət perspektivlər yaradır.
SWIFT- ödənişlərin həyata keçirilməsini və məlumat mübadiləsini təmin edən beynəlxalq banklararası sistem olaraq, maliyyə-rabitə sistemində aparıcı şirkətlərdən biridir. SWIFT vasitəsi ilə aparılan pul köçürmələrinin, banklararası ödəmələrin və qiymətli kağızlar üzrə əməliyyatın sayı gündəlik olaraq milyondan artıq rəqəmi təşkil edir. Hal-hazırda dünyanın müxtəlif ölkələrindən on mindən artıq təşkilat SWIFT-in üzvüdür.