Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında nağdsız dövriyyə 1 mln. 194 min 40 manat həcmində müşahidə edilib ki, bunun da 863 min 57 manatı POS-terminallar, 330 min 983 manatı isə internet və digər ödəniş vasitələri ilə aparılıb.
Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, son 1 ildə Naxçıvanda nağdsız dövriyyə 42,23% artıb.
Məlumata əsasən, muxtar respublikada banklar tərəfindən yaradılmış nağdsız ödəniş infrastrukturunun günbəgün genişləndirilməsi də bu artıma səbəb olan amillərdəndir.
Əsas ödəniş alətlərindən sayılan ödəniş kartlarının sayı artıq 1 avqust 2015-ci il tarixə 214 min 108 ədəd təşkil edib ki, bu da muxtar respublika sakinlərinin hər iki nəfərindən birinin ödəniş kartı ilə təmin edilməsi deməkdir. Bu göstəricidə ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınmış artım 18 min 797 ədəd təşkil edir.
Digər əsas nağdsız ödəniş alətlərindən sayılan POS-terminalların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 333 ədəd artım qeydə alınıb. Bu, 1 avqust 2015-ci il tarixə 489 ədədi Naxçıvan şəhərində, 523-ü rayon və iri kənd mərkəzlərində olmaqla, 1012 ədəd təşkil edib. Eyni zamanda muxtar respublika ərazisində 54-ü Naxçıvan şəhərində, 41-i isə rayon və iri kənd mərkəzlərində olmaqla, 95 ədəd bankomat quraşdırılıb. Naxçıvan şəhərində quraşdırılmış 2 yeni Milli ÖN (ödəniş nöqtəsi) terminalı da əhaliyə nağdsız əməliyyatları daha rahat və etibarlı şəkildə həyata keçirmələri üçün məsafəli bank xidmətlərini göstərməkdədir.
Ümumilikdə, 2015-ci ilin yanvar-iyul ayları ərzində Naxçıvan sakinləri tərəfindən aparılmış nağdsız əməliyyatların həcmi 9 mln. 324 min 601 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 mln. 715 min manat və ya 1,02 dəfə çoxdur.