Bank Of Baku

Nazir: “Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında böhrandan ən az itkilərlə çıxan ölkədir”

Nazir: “Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında böhrandan ən az itkilərlə çıxan ölkədir”
# 26 yanvar 2016 17:25 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı olduqca mürəkkəb xarici iqtisadi mühit, o cümlədən dünya enerji bazarında qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası, bunun nəticəsi kimi ölkənin gəlirlərinin azalması, manata təzyiqlərin artması ilə müşayiət olunub.

 

APA-Economics”ə verilən məlumata görə, bu barədə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına  həsr olunmuş konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Onun sözlərinə görə, neftin qiymətinin yüksək olduğu dövrlərdə iqtisadi sahədə aparılan siyasətin başlıca istiqaməti neft amilindən asılılığın azaldılmasından və qeyri-neft sektorunun inkişafından ibarət olub. “Zamanında qəbul edilən qərarlar sayəsində Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında böhran vəziyyətindən ən az itkilərlə çıxan ölkədir. Cənab prezident, ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında və sosial-iqtisadi məsələlərin həllinə həsr olunmuş müşavirədə irəli sürdüyünüz vəzifələr bu mürəkkəb şəraitdə ölkəmizin strateji inkişaf proqramıdır. Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında sözsüz ki, ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti vardır. 2004-cü ildən uğurla icra olunan bu proqramlar bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə səbəb olmuşdur. Sizin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinizə uyğun olaraq biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Ötən ilin sonlarında sahibkarlığın inkişafı ilə bağlı verdiyiniz mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olmuşdur”, - deyə nazir qeyd edib.
 

Ş. Mustafayev bildirib ki, ötən il özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hesabat ilində 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılıb: “Keditlərin 40%-i büdcə, 60%-i isə qaytarılmış vəsaitlər hesabına verilmişdir. Verilmiş kreditlərin 64%-i regionların payına düşür. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov problemininin  həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilmiş və onlar vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilmişdir”.
 

Ş. Musrafayev əlavə edib ki, ümumilikdə, ötən il 84 mini daimi olmaqla 110 min yeni iş yeri açılıb, eyni zamanda müxtəlif səbəblərdən 40 min iş yeri bağlanıb. “Qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcəkdir”, - deyə o qeyd edib.


“Cənab Prezident, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracımn stimullaşdırılması ilə bağlı qəbul etdiyiniz qərarlar sözsüz ki, sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcəkdir.
Məruzə edirəm ki, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət proqramının məqsədlərinə uyğun olaraq, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihələri hazırlanmışdır. Bu layihələrin icrasına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri və yerli və xarici investisiyalar cəlb olunacaqdır. Yuxarıda qeyd olunduğu kimi, ölkə iqtisadiyyatının diversifikasiyasının təmin olunması məqsədilə sizin rəhbərliyinizlə geniş infrastruktur quruculuğu aparılmış və yerli istehsalın inkişafı üçün mümbit şərait yaradılmışdır. Hazırki dövrdə əlavə valyuta tələbi yaradan idxalı əvəzedən və ölkəyə valyuta gətirən ixrac yönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilmiş infrastruktur dəstəyi, yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə və əhalinin məşğulluğuna öz tövhəsini verəcəkdir. İnvestisiyaların təşviqi ilə bağlı imzaladığınız sənədlərə əsasən vergi, gömrük və digər güzəştlərin bu layihələrə də şamil edilməsi onların uğurlu icrasına stimul yaradacaq, nəticədə istehsal və emal sənayesinin xammal təminatı möhkəmlənəcək və xarici amillərdən asılılıq əhəmiyyətli dərəcədə azalacaq, 15 mindən çox yeni iş yeri yaradılacaqdır. Təşəbbüsünüzlə satınalmalar qanunvericiliyinə edilmiş dəyişikliklər, o cümlədən tenderlərdə yerli sahibkarlara güzəştin 20%-dək müəyyən edilməsi onların layihəni qazanmaq imkanını artırmaqla, yerli istehsalın inkişafına əlavə stimul verəcəkdir”, - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR