Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə naziri Samir Şərifov Azərbaycanın Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənməsinə münasibət bildirib.
"APA-Economics"in xəbərinə görə, nazir deyib ki, Azərbaycan adıçəkilən bankın təsisedici sənədlərinin hazırlanmasında iştirak etmək hüququnu əldə edib: "Bilirsiniz ki, Azərbaycan bir sıra beynəlxalq maliyyə institutlarının üzvüdür. Lakin biz həmin maliyyə institutlarına onlar təsis olunandan sonra üzv olmuşuq. Hazırda isə Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsisedici sənədlərinin hazırlanmasında iştirak etmək hüququ əldə edib ki, bu, daha yüksək statusdur".
Nazir deyib ki, Azərbaycanın nümayəndə heyəti AİİB-nin aprelin 27-də Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində iştirak edəcəklər.
S. Şərifov bildirib ki, Azərbaycanın da üzvü olduğu Asiya İnkişaf Bankı ilə yeni təsis olunacaq AİİB arasında heç bir rəqabətdən söz gedə bilməz. "Dünyanın, o cümlədən Asiya regionunun infrastruktur tələbatları o qədər böyükdür ki, onları ödəmək üçün hətta bir bankın yaradılması da bəs etməz. Ona görə, biz hesab edirik ki, Asiya İnfrastruktur İnkişaf Bankının yaradılması təşəbbüsü çox gözəl addımdır. Bu səbəbdən də Azərbaycan rəhbərliyi bu banka qoşulmaqla bağlı müvafiq qərar vermişdir. Azərbaycanın bu bankın təsis kapitalına yatıracağı vəsaitin həcmindən danışmaq hələ çox tezdir. Hazırda bununla bağlı bizdə məlumat yoxdur. Şübhəsiz ki, başqa banklarda olduğu kimi, bu bankın səhmdar payında da ölkələrin iştirakı həmin ölkələrin iqtisadi gücündən asılı olacaq. Burada daha çox ÜDM-in göstəricisi istifadə olunur", - deyə S. Şərifov bildirib.
Xatırladaq ki, Azərbaycan cari ilin martın 31-də AİİB-nin təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib.