Bank Of Baku

Nazir: "Gələn il tədiyyə balansının cari hesabı müsbət olacaq"

Nazir: "Gələn il tədiyyə balansının cari hesabı müsbət olacaq"
# 21 noyabr 2017 12:24 (UTC +04:00)

"Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq ötən dövrdə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, o cümlədən valyuta bazarının tarazlaşdırılması, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasətində və dövlət satınalmalarında idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb".


"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Nazirin sözlərinə görə, artıq neçə illərdir ki, aparılan bu islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: "Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun Qlobal rəqabətlilik hesabatlarında Azərbaycan 2005-ci ildən 2017-ci ilədək 69-cu yerdən 35-ci yerədək yüksəlib və 2009-cu ildən hal-hazıra kimi MDB-də liderliyini qoruyub saxlayıb. "Doing Business 2018" hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyib, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biri olub".

 

Ş.Mustafayev əlavə edib ki, sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması və valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülməklə, növbəti ildə inflyasiyanın birrəqəmli, iqtisadi artımın isə müsbət olması proqnozlaşdırılıb. "Qeyd edilənlər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2018-ci ildə ÜDM-in 1,5%, növbəti illərdə isə orta hesabla 3,5% artacağı proqnozlaşdırılır", - deyə o vurğulayıb.

Nazir deyib ki, cari ildəki kimi növbəti ildə də tədiyyə balansının cari hesabının müsbət olacağı (1,4 mlrd. dollar) proqnozlaşdırılır.

 

"Gələn il hasilatın enməsi nəticəsində neft sektorunun 1% azalacağı, neft-qaz hasilatının, xüsusilə "Şahdəniz" yatağında qaz hasilatının artması nəticəsində növbəti illərdə orta hesabla 5%-ə yaxın artım gözlənilir. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni tarixi sazişin imzalanması, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 15,9 mlrd. manat, xarici investisiyaların 7,7 mlrd. manat, daxili investisiyaların 8,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Neft sektoruna 6,4 mlrd. manat, qeyri-neft sektoruna isə 9,5 mlrd. manat investisiya yatırılacağı gözlənilir. 2018-ci ildə dövlət investisiya xərcləri 4,9 mlrd. manat olmaqla əsasən ölkə üçün əhəmiyyətli olan infrastruktur layihələrinin, o cümlədən  dəmir yollarının, magistral avtomobil yollarının, rayonlararası və kənd yollarının təmir-tikintisi və yenidən qurulması işlərinin aparılmasına, içməli su və kanalizasiya, qazlaşdırma, meliorasiya və su təsərrüfatı, təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi və sosial təminatı layihələrinin icrasına yönəldiləcək", - deyə qurum rəhbəri bildirib.

 

Ş.Mustafayev əlavə edib ki, mühüm sosial əhəmiyyət kəsb edən və tikinti sektorunun inkişafına təkan verən ipoteka kreditləşməsi növbəti illərdə  genişləndiriləcək, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosial mənzillərin tikilməsi aztəminatlı və gənc ailələrin mənzil probleminin həllinə, həmçinin məşğulluğa töhfə verəcək. Bu məqsədlər üçün 2018-ci ilin dövlət büdcəsində 250 mln. manat nəzərdə tutulub.

"Ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Ümumilikdə, 196 sahibkara 216 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən layihələrə təqribən 1,8 mlrd. manat investisiya yatırılır, bunun nəticəsində 13 mindən çox yeni iş yerləri açılacaq. İnvestisiya təşviqi sənədi almış 100-ə yaxın müəssisə artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacaq", - deyə nazir qeyd edib.

 

O vurğulayıb ki, ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunun artımı 2018-ci ildə 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı proqnozlaşdırılır: "Qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın şaxələndirilməsində qeyri-neft sənayesi əhəmiyyətli rol oynayır. Son illərdə ölkədə sənayeləşmə templəri yüksəlmiş, sənayenin aparıcı və ənənəvi sahələrindən olan metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər istehsal sahələri genişlənməklə bərabər, yeni sahələr yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmış, bir sıra məhsullar üzrə idxaldan asılılıq azalıb. Qeyri-neft sənayesinin stimullaşdırılmasında sənaye və texnologiyalar parkları və sənaye məhəllələri mühüm rol oynayır. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, layihələrinin ümumi dəyəri 1,8 mlrd. dollar olan 13 müəssisəyə rezident statusu verilib. Bunlardan 2 müəssisə artıq fəaliyyət göstərir, 4 müəssisə bu il, gələn il isə daha 5 müəssisə fəaliyyətə başlayacaq, ümumilikdə bu yeni müəssisələrdə 1300-dən çox yeni iş yerləri yaradılacaq. Hazırda bu müəssisələrin tikinti işlərinə 3 min nəfərədək işçi cəlb olunub".

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR