Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcək.
“APA-Economics”in Türkiyənin "Stargündem.com" saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.
"Türkiyə və Azərbaycan arasındakı ticarətin inkişafı ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadi münasibətləri genişləndirilməsi məqsədi ilə martın 6-da hər bir ölkənin iqtisadiyyat nazirləri bir araya gələcək. Məqsədimiz Xəzər dənizini dostluq və nəqliyyat dənizi halına gətirməkdir”, - deyə nazir bildirib.
N. Zeybekçi qeyd edib ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsini qısa müddət ərzində 15 mlrd. dollara çatdırmaq lazımdır.
"Bizim TANAP kimi layihəmiz var. Layihənin tikintisində istifadə ediləcək boruların 80%-i Türkiyə şirkətləri tərəfindən istehsal ediləcək. Bunun üçün də ticarətin sadələşdirilməsi lazımdır. İki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı olaraq ticarətin sadələşdirilməsinə çalışırıq. Mütəxəssislərimiz artıq üç dəfə görüşüblər. Cari ilin sonuna qədər bu işləri yekunlaşdırmaq istəyirik”, - deyə o bildirib.
Türkiyə hökumətinin rəsmisi bildirib ki, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün iş adamları və vətəndaşları üçün viza rejimi sadələşdirilməlidir.
Türk mətbuatının yazdığına görə, N.Zeybekçi artıq Azərbaycanın baş nazirin birinci müavini Abid Şərifov ilə da görüşüb. Görüş mətbuat üçün qapalı olub.