Bakı. Musa Əhmədov - APA-Economics. Manatın xarici valyutalar qarşısında ucuzlaşması sığorta şirkətlərinin zərərliliyini artıra bilər.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib.
Onun sözlərinə görə, avtomobillərin və onların ehtiyat hissələrinin artsa, bu, avtomobillərin sığortası üzrə ödənişlərin artmasına səbəb olacaq.
O. Bayramov bildirib ki, manat ucuzlaşdığından xaricdən idxal olunan mallar, o cümlədən avtomobillər və onların ehtiyat hissələrinin qiymətinin artacağı gözlənilir: “Bu isə qəza zamanı qiymətləndirmə və təmir xərclərini artırır. Bu da ödənişlərin artması ilə nəticələnə bilər. Eyni zamanda dərmanların qiyməti artdığından tibbi sığorta üzrə xərclər də artacaq”.
Orxan Bayramov qeyd edib ki, avtomobillərin qiyməti artsa, şirkətlərin KASKO üzrə yığımları artacaq.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin şöbə müdiri Mahir Abdullayev bildirib ki, sığorta haqlarının artıb-artmayacağı ilə bağlı proqnoz vermək çətindir: “Hələlik, icbari sığorta tariflərinin dəyişəcəyini proqnoz etmək olmaz. Lakin könüllü sığortada sığorta haqqının bir qədər artıq olacağını proqnoz eləmək olar. Məsələn, hər hansı bir avtomobilin qiymətinin tutaq ki, 5%-i qədər sığorta haqqı formalaşırsa, bu avtomobilin qiyməti bahalaşdıqda artıq 5%-lik tarif daha çox sığorta haqqı edəcək. Yəni, tarif dəyişməyəcək, lakin sığorta haqqının məbləği artacaq”.
M. Abdullayev əlavə edib ki, sığorta şirkətləri öz fəaliyyətlərini müəyyən edilmiş normativlər üzrə qursalar, ciddi zərər çəkməyəcəklər.