Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycanda toplanan vergilərin yarıdan çoxu qeyri-neft sektorunun payına düşüb. Hesabat ilində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə təmin olunmuş vergi daxilolmalarının həcmi 6 025 366,5 min manat təşkil edib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 37,4%-i mənfəət vergisi, 24,6%-i ƏDV-nin, 13,5%-i fiziki şəxslərin gəlir vergisi, 7,5%-i aksizlər, 17,0%-i isə digər vergilərin payına düşüb.
Keçən il ərzində qeyri-neft sektoru üzrə 3 286 509,7 min manat vəsait daxil olub ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 14,5% çoxdur. Ötən il qeyri-neft sektorundan toplanan vergilərin ümumi vergi daxilolmalarında payı 54,54% təşkil edib.
Hesabat ilində ölkə üzrə 72 263 vergi ödəyicisi qeydiyyata alınıb və 2011-ci il iyulun 1-dən 2013-cü il yanvarın 1-dək 55 086 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. Nəticədə, 1 yanvar 2013-cü il tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 481 710 olub.
Nazirlikdən bildirilib ki, 2012-ci il ərzində Azərbaycan üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 89,9% təşkil edib.