Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb.
"APA-Economics" qurumun saytında dərc olunan "Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma"ya istinadən xəbər verir ki, 1 yanvar 2018-ci il tarixinə fondun vəsaitlərinin həcmi 105 mln. 764,531 min manat təşkil edib. 2017-cı ilin yanvarın 1-nə bu rəqəm 57,860 mln. manat olub ki, bu da cari illə müqayisədə 81,2% və ya 46 mln. 904,531 min manat çoxdur.
Ötən ilin yanvar-sentyabr ayları ərzində fonda daxil olan vəsaitdən 104 mln. 844,426 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 920,105 min manat təşkil edib.
Xərclərə nəzər saldıqda məlum olur ki, 5 mln. 753,376 min manat ştatda olan işçilərin əmək haqqına, 3 mln. 125,146 min manat ştatdankənar işçilərin əmək haqqına, 32 mln. 919,434 min manat əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinə, 9 mln. 205,122 min manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalara və s. xərclərə yönəlib.
Hesabat dövrünün sonuna qalan qalıq bütövlükdə dövlət büdcəsinə ödənilib. Başqa sözlə, hesabat dövrünün sonuna qalan qalıqdan dövlət büdcəsinə 920,105 min manat vəsait ödənilib.