SOCAR istiqrazlarının sahiblərinə 2018-ci ildə ilk faiz ödənişi həyata keçiriləcək.
“SOCAR Capital” şirkətindən “APA-Economics”ə verilən xəbərə görə, yanvarın 17-də SOCAR İstiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 mln. 250 min dollar vəsait ödəniləcək.
Bu, istiqraz sahiblərinin cari ildə qrafik üzrə ilk qazancı olacaq. 2017-ci ildə isə SOCAR istiqrazlarının sahibləri bu qiymətli kağızlardan 5 mln. dollar gəlir götürüblər.
Şirkətdən bildirilib ki, istiqrazlar üzrə faiz ödənişi üçün tələb olunan vəsait artıq Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb: “Yanvarın 17-də həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq”.
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.