Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvar ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4 940 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 812 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 193 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 611 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
198 vergi ödəyicisi tərəfindən 251 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 209 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 101 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.