Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2016-cı il fevralın 1-ə 22 610,9 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 475,9 mln. manat və ya 49,4% çoxdur. O cümlədən, ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında depozitlərin həcmi 852,2 mln. manat və ya 3,63% azalıb.
Depozitlərin tərkibində 8 643,3 mln. manatı və ya 38,2%-i ev təsərrüfatları əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2015-ci il fevralın 1-ə nisbətən 1,522 mlrd. manat və ya 21,4% artıb.
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin oktyabrın 1-nə 13 967,6 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 5,954 mlrd. manat və ya 74,3% artıb.
Hüquqi şəxslərin depozitlərinin tərkibində 7,167 mlrd. manatı və ya 51,31%-i maliyyə təşkilatların depozitlərinin, 6 800,6 mln. manatı və ya 48,69%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.
Yerli banklarda depozitlərin 3 950,1 milyonu manatla, 18 660,8 milyonu isə xarici valyutada yerləşdirilib.