Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar ayında həyata keçirilmiş sığorta ödənişlərinin məbləğinə görə lider “Paşa Sığorta” şirkəti olub.
“APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, şirkət ötən ay 2,34 mln. manat ödəniş edib. Sonrakı yeri tutmuş “Atəşgah Sığorta”nın ödənişləri 1,14 mln. manat, “AXA Mbask”ın ödənişləri isə 1,05 mln. manat olub. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Azsığorta” (684 min manat) və “Standard İnsurance” (683 min manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin təxminən 57%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 5,9 mln. manat) düşür.
Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (5278 manat), “İpək Yolu Sığorta” (3917 manat), “Günay Sığorta” (3789 manat) və “Azərqarant” (1000 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 14 min manat olub ki, bu da ödənişlərin 0,1%-ni təşkil edir.
“Çartis Azərbaycan” sığorta şirkəti isə ümumiyyətlə ödəniş etməyib.
Ümumilikdə 27 sığorta şirkətindən 3-də 1 mln. manatdan çox, 6 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 10 şirkətdə 100 min manatdan 500 min manata qədər, 8 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 14-də sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib. “Qala Həyat” və “Çartis Azərbaycan” isə ötən ilin yanvar ayında da sığorta ödənişi etmədiyi üçün onların ödəniş dinamikası qeydə alınmayıb.